Portalda süni zəka beta versiyada test olunmağa başlayır

← Bloga qayıt
lawhub.az-a yeni bir funksiya əlavə edildi: sınaq versiyada süni zəka ilə axtarış. Artıq platforma daxilindəki məhkəmə qərarları və qanunvericilik aktlarına birbaşa sual verə, istinadlı cavab ala bilərsiniz. Texniki terminlər işlətmədən, bu alətin fonda necə işlədiyini sizə sadə dillə izah edək.

Sual verdiyiniz an nə baş verir?

Siz sualınızı yazdığınızda (yalnız Pro plan istifadəçiləri üçün aktivdir), alət bunu dərhal "anlamağa" çalışmır, öncə əslində sistematik bir axtarış aparır. Mərhələ-mərhələ baxaq.

1. Sualınızın "mənası" rəqəmlərə çevrilir

İnsanlar və elektronika fərqli dillərdə danışır. Elektronika yalnız rəqəmlərlə işləyir. Ona görə də sualınız xüsusi bir model vasitəsilə minlərlə rəqəmdən ibarət bir "koordinat"a çevrilir. Bu koordinat sualınızın mənasını riyazi formada ifadə edir.

Platformada saxlanılan hər məhkəmə qərarı və ya qanunvericilik parçası əvvəlcədən eyni üsulla rəqəmlərə çevrilmiş vəziyyətdədir. Belə ki, sualınızın koordinatı ilə məzmunların koordinatları arasındakı "məsafə" ölçülə bilir - mənaca yaxın olanlar tapılır.

2. Ən uyğun hüquqi parçalar seçilir

Verilənlər bazasında milyonlarla belə parça mövcuddur. Sistem bu nəhəng çoxluq içindən sualınıza mənaca ən yaxın olanları tapır. Siz "qərarlar", "qanunvericilik" və ya "hər ikisi" arasından seçim etmiş olursunuz - sistem seçiminizə uyğun olaraq yalnız o sahədə axtarış aparır.

Tapılan parçalar sadəcə oxşarlıq sırasına görə düzülmür. Əlavə bir "keyfiyyət süzgəci"ndən keçirilir: məsələn, məhkəmə qərarının içindəki qanun maddəsi sitat gətirən hissələr xüsusi qaydada əhəmiyyətsizləşdirilir, çünki belə hissələr faktiki hüquqi mühakimə deyil, qanunun sadə surətidir. Əksinə, sıx mühakimə cümlələri olan parçalar daha yüksək qiymət alır.

Həmçinin sistem, seçilmiş hər bir parçanın "qonşu" parçalarına da baxır — mətnin bir az əvvəli, bir az sonrası da götürülərək kontekstdə minimal qırılma təmin edilir.

Son mərhələdə ən yaxşı 10 parça seçilir. Bunlar süni zəkaya göndəriləcək "materiallar"dır.

3. Süni zəka yalnız bu materiallarla cavab verir

Bu 10 parça lawhub.az-dan kənar üçüncü tərəfin təmin etdiyi süni intellekt modeline ötürülür. Modelin vəzifəsi sadədir: yalnız bu parçalara əsaslanaraq sualınızı cavablandırmaq. Parçalarda olmayan heç bir məlumatı "uydurmamaq".

Cavabın sonunda istinad siyahısı olur: hansı sənəddən söz açıldığı göstərilir. Bu istinadlara klikləyərək birbaşa orijinal sənədə keçid edə bilərsiniz.


"Bəs cavab düzgün deyilsə?" - Özünü düzəltmə mexanizmi

Bəzən ilk axtarışdan tapılan parçalar sualınızı tam cavablandırmağa kifayət etmir. Bu halda portal öz-özünə bir növ "ikinci cəhd" edir.

Model cavab verərkən eyni zamanda dərk edir ki, tapılan materiallar kifayət etmir. Belə hallarda süni zəka sualınızı oxşar hüquqi terminologiya ilə yenidən ifadə edərək verilənlər bazasında ikinci dəfə axtarış aparır. Bu addım tamamilə avtomatikdir, siz heç nə görmürsünüz, yalnız nəticəni alırsınız.

İkinci cəhd də uğursuz olarsa, sistem sizə dürüst şəkildə bildirir: "Mənbələr sualınızı cavablandırmaq üçün kifayət deyil."


⚠️ Vacib: niyə bəzən cavab natamam gələ bilər?

Bu bölmə xüsusilə diqqətinizə çatdırmaq istədiyimiz bir məsələ haqqındadır.

Bütün sənəd süni zəkaya göndərilmir, yalnız parçalar göndərilir

Süni zəka sualınızı cavablandırarkən hər sənədin tam mətnini oxumur. Əvvəlcədən hər sənəd kiçik parçalara bölünmüşdür (bu prosesə "parçalama", ingiliscə "chunking" deyilir). Süni zəka yalnız ən uyğun tapılan parçaları görür.

Bunu niyə belə etmişik?

Süni zəka modelləri eyni anda yalnız müəyyən həcmdə mətn "oxuya" bilər. Bu həddə "kontekst pəncərəsi" deyilir. Bir çox hüquqi sənəd isə bu həddən qat-qat böyükdür. Məsələn, 10 və ya 40 səhifəlik bir məhkəmə işinin, yaxud hər qanunvericiliyin tam mətnini süni zəkaya göndərmək texniki cəhətdən mümkün deyil - hətta mümkün olsaydı belə, son dərəcə bahalı və yavaş olardı.

Parçalama bu problemi həll edir: hər sənəd mənalı hissələrə bölünür, yalnız sualınızla əlaqəli hissə seçilir.

Bu nə deməkdir?

Cavab üçün yalnız 10 parça göndərilir. Əgər cavablandırılması üçün sənədin başqa bir hissəsi lazım idisə, amma o hissə 10 parça içinə düşməyibsə, süni zəka o hissəni görmür. Beləliklə cavab düzgün, amma natamam ola bilər; yaxud ümumiyyətlə cavab verilə bilməyə bilər.

Bu hər oxşar sistem üçün mövcud olan bir məhdudiyyətdir - lawhub.az-a xas deyil. Dünyada istifadə edilən bütün oxşar hüquqi süni zəka alətləri eyni prinsiplə işləyir.

Daha dəqiq cavab üçün nə etmək olar?

  • Sualınızı mümkün qədər ətraflı ifadə edin. "İşçinin hüquqları nədir?" yerinə "əmək müqaviləsinin qanunsuz ləğvi zamanı işçinin məhkəməyə müraciət müddəti nə qədərdir?" kimi suallar daha yaxşı nəticə verir. Suallarınızda sənədlərdə işlədilən terminologiyadan və rəsmi üslubdan istifadə etməyə çalışın. Nəzərə almaq lazımdır ki, mənbələrin tapılması sualda istifadə olunan sözlərə görə formalaşır.
  • Axtarış sahəsini məhdudlaşdırın: yalnız "Qərarlar" və ya yalnız "Qanunvericilik" seçimini edin, əgər hansı mənbəyə baxdığınızı bilirsinizsə.
  • Ləğv edilmiş qanunlar sistematik olaraq işarələnir - cavabda belə bir işarə görsəniz, həmin aktın artıq qüvvədə olmadığını nəzərə alın.

Portal hüquqi məsləhət vermir

Bu alət hüquqşünas deyil. O, platformada mövcud olan mənbələrdəki məlumatları ümumiləşdirir və izah edir. Konkret bir hüquqi məsələdə qərar qəbul etmək üçün peşəkar hüquqşünasla məsləhətləşmənizi tövsiyə edirik.


Bununla əlaqədar suallarınız varsa, bizimlə emaillə əlaqə saxlayın. Platformanı davamlı olaraq inkişaf etdiririk və hər rəy bizim üçün dəyərlidir. Növbəti mərhələdə modelin təkmilləşdirilməsi (fine-tuning) hədəf olaraq müəyyən edilmişdir.

← Bütün məqalələr